Search is not available for this dataset
text
stringlengths
10
518k
Naturadan tədqiqat zamanı, türbə içərisində heç bir qəbir aşkar olunmamışdır.
Qəbrin nə vaxtsa yer üzündən silindiyi güman edilsə də, yerli əhali onun mövcudluğunu ümumiyyətlə təsdiq etmir.
Lakin tarix təsdiqləyirki, insanlar ölməmişdən öncə özlərinə türbə tikdirmişlər.
məs; XIV əsrdə Əmir Teymur deyirdi ki, "xoşbəxt o kəsdir ki, içərisinə girməzdən öncə özünə türbə hazırlayır.
XII yüzildə Böyük Səlcuq Sultanı Səncər sağ ikən paytaxtı Mərvdə özünə əzəmətli bir türbə tikdirir və onu "gələcək yaşayışın evi" adlandırır.
Elxani hökmdarlarından Qazan xan XIII yüzilin sonunda Təbrizdə, Olcaytu xan isə Sultaniyyədə öncədən özləri üçün azman türbələr ucaltmışlar.
İkinci türbənin XVIII əsrdə tikildiyi fərz olunur.
Türbənin kimə məxsus olması haqda heç bir məlumat yoxdur.
Maraqlı plan quruluşuna malik olan bu memarlıq abidəsi iki mərtəbədə öz həllini tapmışdır.
sahəsi olan I mərtəbədəki otaq sanki türbənin pyedestalı rolunu oynayır.
Tağ-tavan sistemi ilə örtülmüş otaq, yer səviyyəsindən nisbətən aşağı səviyyədə tikilmişdir.
Pəncərəsiz yerləşkə kiçik qapı açımı və navalçası ilə yadda qalır.
Otağın üstündə, ikinci mərtəbənin mərkəzi hissəsində kvadrat əsaslı türbə yerləşir.
Türbənin interyerində şimal və şərq istiqamətə açılmış pəncərələr, qərb divardakı kiçik taxça diqqəti cəlb edir.
Türbə yarım sferik formalı gümbəzlə örtülmüşdür.
Şərq istiqamətdəki pəncərə, I mərtəbədəki qapı açımı ilə bir ox üzərində həllini tapmışdır.
Türbənin iki mərtəbədə həlli çox güman ki, burada dəfn olunmuş müqəddəs şəxsdən mətləb istəmək üçün nəzərdə tutulmuşdur.
İslam memarlığı geniş bir ərazini – şərqdən qərbə kimi Ərəbistan yarımadasından Atlantik okeanına və Avropaya kimi olan bir məkan boşluğunu doldurur.
Onun belə böyük bir arealda yayılması müəyyən fasilələrlə, təxminən 1200 il əvvəl başlamaqla davam etmişdir.
Azərbaycanın İslam memarlığı üslubu Orta Asiyanın, Misirin, Suriyanın, Avropanın xarakterik üslublarından fərqlənir.
Belə ki, İslam memarlığında vahid kanonlar yoxdur, o daima regionun və dövrün sosial-iqtisadi inkişafı ilə vəhdətdə mövcud olmuşdur.
Dini memarlıq Azərbaycanın bütün şəhər və kəndlərində olduğu kimi, Abşeron yarımadasınında yaşayış məskənlərində VIII əsrdən bəri şəhərsalma sisteminin formalaşmasında başlıca amillərdən biri olmuşdur.
Məscidlərin köməyi ilə Abşeron kəndlərində dini etiqadları müəyyən etmək olar.
Azərbaycanın Sovet hökumətinin tərkibində olduğu zaman, 1805-ci ildə rus memarı Lastrov tərəfindən ilk məscid layihələri tərtib edilmişdir.
Lakin Şərq memarlıq üslubuna uyğun olmadığına görə dini idarələr tərəfindən bu layihələr qəbul edilməmişdir.
Hal-Hazırda Qala kəndində müxtəlif vaxtlarda tikilmiş 5 məscid mövcuddur.
Cümə məscdi – Qalada olan məscidlərdən biri "Cümə məscidi"dir, hansı ki, Hacı Ramazan məhəlləsində yerləşir.
Kəndin əsas dini tikilisi kimi əlverişli relyefdə yerləşməklə, həcm-məkan həllinə görə müdafiə qalasının memarlıq–plan qruluşuna uyğunlaşdırılmış, ətraf şəhərsalma strukturunda dini mərkəzə çevrilmişdir.
Cümə məscidi Qala divarlarının şimal-qərb hissəsində, künc mövqe tutmaqla onun həcmini iki istiqamətdə kəsir.
Məscidin inşa tarixi XVII əsrə aid edilir.
Lakin bu məscid üzərində bu əsrdə bərpa işləri aparıldığına görə onun tarixini daha qədim hesab etmək olar.
Maraqlı fakt odur ki, məscid nə vaxtsa müdafiə qalası ilə bir kompleks təşkil etmişdir.
Bu dini məbədin bir neçə mərhələdə tikilmə versiyası irəli sürülür.
Tikintinin şərqdən başlanan qolu tikinti texnikası nöqteyi nəzərindən ən qədim hissə hesab olunur.
Qala divarları üzərində ucaldılmış məscidin şimal divarı bunu bir daha sübut edir.
Birinci məscid tikilisinin altında, arxeoloji qazıntılar zamanı dirəvi stolu xatırladan 12 taxçalı, oval şəkilli yeraltı kamera aşkar olunmuşdur.
(bu yəqin ki, gizli ibadətlər üçün nəzərdə tutlmuşdur.)
Məscidin döşəməsindəki sal daşı kameraya giriş qapısını əvəz edir.
Düzbucaqlı plan quruluşuna və günbəz konstruksiyalı örtüyə malik olan məscidin ikinci hissəsi, birinci məscidin davamı kimi uzanaraq əhalinin artımını nəzərə alaraq böyüdülmüş və cənuba istiqamətlənmiş, tikintisi XIX əsr əsas aid edilən məscidin üçüncü tikilişi ilə birləşir.
Hər üç tikilinin tikintisi texnikası bir birindən fərqlənir.
Hər iki mərhələdə bir kameralı ibadət məkanı, üfüqi istiqamətdə həlli ilə, memarlıq konstruksiyası baxımından oxvari tağ-tavan örtük sistemi ilə diqqəti cəlb edir.
Ona perpendikulyar ikinci üfüqi kameranın həlli və bu iki zalın mərkəzi oxlarının kəsişməsində çox da hündür olmayan günbəz konstruksiyası məscidin monumental bədii-memarlıq simasını tamamlamışdır.
Cümə məscidinə giriş iki istiqamətdən, həm köhnə, həm də sonuncu tikilidən həll olunmuşdur.
Hər iki giriş portalsız və dekorativ motivlərdən istifadə olunmadan sadə həllini tapmışdır.
Girişin ikili həlli, məscidin "əndərun" və "birun" hissələrinə bölünməsi ilə izah olunur.
Cümə məscidinin interyer kompozisiyası sadə həlli ilə yadda qalır.
Məkkənin istiqamətini göstərən mehraba məscidin hər iki qolunda – köhnə və yeni tikilidə rast gəlinir.
İnteryerdəki dekorativ bəzəklərin kasadlığı mehraba da siraət etmişdir.
Təbii işıqlanma yalnız məscidin günbəzi vasitəsilə həyata keçirilir.
Divardakı kiçik taxçalar ikinci dərəcəli işıqlanma üçün nəzərdə tutulmuşdur.
Qala kəndinin Cümə məscidinin memarlıq-plan həlli Azərbaycanın, eləcə də Abşeronun dini memarlığında az təsadüf olunan memarlıq tipidir.
Abşeronun Bilgəh kəndindəki Abdin (XIV əsr), Zirə kəndindəki Heybət-Əli məscidləri, (1878–79, 1839–40-cı illər) "L" şəkilli plan quruluşları ilə Qalanın Cümə məscidinin analoqları sayıla bilər.
Lakin analoji məscidlərin baş fasadının frontal istiqamətdə həlli, onların memarlıq kompozisiyasını Qala Cümə məscidindən fərqləndirir.
Balaverdi məscidi – Qala kəndinin şərq ərazi tutumunda Balaverdi məhəlləsinin ictimai-ibadət tikilisidir.
İnşa tarixi 1864-cü ilə təsadüf edən məscidin, Kərbəlayı Süleyman tərəfindən tikdirildiyi məlumatlandırılır.
Giriş qapısının üstünə oturdulmuş epiqrafik daş kitabə, Balaverdi adlı imkanlı şəxsin məscidi bərpa etdirdikdən sonra hörülmüş və dini məbəd o zamandan bəri "Balaverdi məscidi" adını almışdır.
Məscid kəndin baş arterial küçəsi – Qala küçəsinin sağ "qolunda", alçaq, dublalı evlərlə təzadda, həcm-məkan həlli ilə uzaq məsafədən seçilir.
Bütün dörd fasadı ilə məhəllə meydanında mərkəzi mövqe tutması, məhəllə məscidinin məkan mühitində memarlıq mahiyyətini əsas faktor kimi qeyd edir.
Eninə uzanan baş fasad assimetrik həll olunmuşdur.
Giriş qapısı ilə eyni hündürlükdə açılmış üç pəncərə, məscidin daxili plan quruluşuna uyğun yerləşdirilmişdir.
Girişi nəzərə çatdırmaq məqsədilə, qapı portalı əvəz edəcək çərçivə ilə əhatə olunmuşdur.
Tikintinin tarixindən məlumat verən daş kitabə, çərçivənin içində yerləşdirilmiş, lakin təəssüflər olsun ki, bu kitabə indi yerində yoxdur.
Fasad yuxarıdan karnizlə əhatələnmişdir.
Qala kəndinin digər məhəllə məscidlərindən memarlıq şərhi və həcm kompozisiyası ilə seçilən Balaverdi məscidinin günbəzi, hündürlüyü və fasadın dominant elementi kimi məscidin bütün plastik xüsusiyyətlərini özündə cəmləşdirir.
Məhəllə məscidinin mərkəzi günbəz konstruksiyalı ibadət zalı bir kameralı olmaqla, daxili məkan həlli ilə diqqəti cəlb edir.
Örtük konstruksiyasının və günbəzin barabanının yükünü daşıyan tağlar, interyer kompozisiyasında tağ-tavan sisteminin yaratdığı xaçvari plan quruluşlu, bir-birini təkrarlayan iki məkanın yaradıcı elementlərinə çevrilmişlər.
Balaverdi məscidi yeni sosial-iqtisadi formasiyanın və yeni əsrin memarlıq şərhini özündə əks etdirməklə, Qala kəndinin orta əsr məscidlərindən fərqli olan həcm-fəza həlli ilə kəndin şəhərsalma sistemində dövrünün dini memarlıq simasının ilk təcəssümü olmuşdur.
Vestibülsüz və portalsız memarlıq-plan quruluşlu məscid, Abşeron tikinti mədəniyyətinin bariz nümunələrindəndir.
Hacı Ramazan məscidi – Məhəllə məscidinin tarixi onun fasadına həkk olunmuş yazılı kitabəyə əsasən 1842–1843-cü illərə şamil edilir.
Yerli əhali isə məscidin daha qədim tarixə mənsub olduğunu qeyd edir.
Memarlıq şərhinə görə Abşeron yarımadasında Mərdəkan kəndindəki Tuba-şahi (XV əsr), Keşlənin XVII əsr, Nardaran kəndinin Hacı-Baxşı (XVII əsr), Bakının Key-Qubad (XV əsr), Şirvanşahların saray məscidinə (XV əsr), Gəncənin qədim Cümə məscidinə (XVII əsr) analoji yaxınlığı bu fikirləri təsdiqləməyə imkan verir.
Memarlıq-plan həllinə görə Hacı Ramazan məhəllə məscidi, kvadrat şəkilli quruluşu ilə çox da böyük olmayan həcm-məkan tutumuna malikdir.
Daxili məkan, mərkəzdəki dörd dayaq sisteminin köməyi ilə doqquz seksiyaya bölünmüşdür.
Məscidin ibadət zalı mərkəzi günbəzli, xaç şəkilli konstruktiv formaya əsaslanır.
Bu plan quruluşu Alban-xristian memarlığının təsiri altında yaranmışdır.
Dayaq sistemlərinin yaratdığı tağlar, təkcə günbəzin barabanının yükdaşıyıcı elementləri kimi deyil, eləcə də zalın künclərində iki mərtəbəli hücrələrin yaradıcısı kimi fəaliyyət göstərirlər.
Künclərdəki hücrələr konstruktiv həllinə görə xüsusi maraq kəsb edir.
İkinci mərtəbə ilə əlaqə divarın içindəki pilləkən qəfəsəsi ilə yaradılır.
Belə pilləkən qəfəsəsi, məscidə girişin sağ tərəfində, azana çağırış məqsədilə dama çıxmaq üçün nəzərdə tutulub.
Divarın dərinliyində pilləkən qəfəsəsinin həlli, Abşeronun, eləcə də Qala kəndinin dini tikililərinə və müdafiə qalalarına xas olan konstruktiv elementdir.
İnteryerin vacib elementlərindən olan mehrab, məscidin cənub divarında, oxvari forması ilə diqqəti cəlb edir.
Müəyyən qədər mürəkkəb, lakin kompakt memarlıq-plan quruluşuna malik məscidin fasadının həlli portalsız, oxvari tağ şəkilli kiçik qapı və düzbucaqlı pəncərələrlə yadda qalır.
Girişin insan miqyasından kiçik olması, yəqin ki, Allahın məbədinə hörmət əlaməti olaraq əyilərək girmək üçün nəzərdə tutulmuşdur.
Məscidin interyeri konstruktiv yükün daşıyıcısı, tağ-tavan sisteminə minnətdar olaraq estetik zənginlik əldə etmişdir.
Hacı Ramazan məscidinin memarlıq-plan həllinə Mərdəkandakı Tuba-Şahi məscidinin təsiri hiss olunur.
Lakin Tuba-Şahi məscidindən fərqli olaraq, fasadın portalsız həlli, yeni motiv və elementlər, Mərdəkan məscidinin kəndin baş məscidi, Hacı Ramazan məscidinin isə məhəlli xarakter daşımasından və yeni əsrin tikinti texnikasından irəli gəlir.
Tərəkəmə məscidi – kəndin şimal hissəsində yerləşən eyni adlı məhəllənin yeganə monumental tikilisidir.
Plan kompozisiyası "T" şəkilli məscidin tarixi XVII-XVIII əsrlərlə bağlanır.
Tikinti tarixinə görə Cümə məscidindən sonra inşa edilməklə, bu məhəlli məscid kəndin ən qədim dini tikilisi kimi qəbul oluna bilər.
Kompozisiya həllinə görə iki zallı və ya iki kameralı olan Tərəkəmə məscidinin tikintisinin müxtəlif dövrlərdə iki mərhələdə aparıldığı müəyyən olunur.
İlk mərhələdə oxvari tağ-tavan örtük sistemi ilə məscidin bir kameralı ibadət zalı tikilmiş, zaman ötdükcə həcm-məkan tutumunun genişləndirilməsi nəticəsində, köhnə tikiliyə perpendikulyar ikinci zalın əlavə edilməsi məscidin yeni memarlıq kompozisiyasında fəaliyyətinə rəvac vermişdir.
Zalların həcminin kəsişmə oxunda örtük günbəzinin qurulması ilə üfüqi proyeksiyalı tikintiyə şaquli aksentin əlavə olunması, tamamlanmış memarlıq simasına nail olmaq demək idi. Tərəkəmə məscidi yerin qərb-cənub cəhətləri üzrə yerləşməklə portalsız, sadə girişə malikdir.
Giriş hər iki kameradan nəzərdə tutulub.
Mehrab interyer kimi dekorsuz həll olunmuş və məscid, daş şəbəkəli bir-neçə kiçik pəncərədən işıqlandırılır.
İnteryerdə günbəz barabanının, tağ-tavan örtüyünün yaratdığı genişlik, sağ və sol qollar ibadət zalına ilk baxışdan rahatlıq bəxş edir.
İnteryerdəki kiçik taxçalar ikinci dərəcəli işıqlanma üçün nəzərdə tutulmuşdur.
Fasadda yerləşdirilmiş daş navalçalar fasadın zənginləşməsində müəyyən rol oynayır.
Minarəsiz Tərəkəmə məscidinin memarlıq kompozisiyasının şaquli aksenti, onun yarımsferik həndəsi formalı günbəzi və binanın yan fasadındakı bir marşlı pilləkən qəfəsəsidir.
Namaza çağırış daxildən, divarın içindən və xaricdən məscidin şimal divarına bitişik pilləkənlərin köməyi ilə binanın damından həyata keçirilmişdir.
Məscid, kənd ağsaqqallarının verdiyi məlumata görə Hacı Ağahüseyn və Məşədi Məmmədyarovlar tərəfindən tikdirilmişdir.