Search is not available for this dataset
text
stringlengths
10
518k
Hacı Ramazan məscidi – Məhəllə məscidinin tarixi onun fasadına həkk olunmuş yazılı kitabəyə əsasən 1842–1843-cü illərə şamil edilir.
Yerli əhali isə məscidin daha qədim tarixə mənsub olduğunu qeyd edir.
Memarlıq şərhinə görə Abşeron yarımadasında Mərdəkan kəndindəki Tuba-şahi (XV əsr), Keşlənin XVII əsr, Nardaran kəndinin Hacı-Baxşı (XVII əsr), Bakının Key-Qubad (XV əsr), Şirvanşahların saray məscidinə (XV əsr), Gəncənin qədim Cümə məscidinə (XVII əsr) analoji yaxınlığı bu fikirləri təsdiqləməyə imkan verir.
Memarlıq-plan həllinə görə Hacı Ramazan məhəllə məscidi, kvadrat şəkilli quruluşu ilə çox da böyük olmayan həcm-məkan tutumuna malikdir.
Daxili məkan, mərkəzdəki dörd dayaq sisteminin köməyi ilə doqquz seksiyaya bölünmüşdür.
Məscidin ibadət zalı mərkəzi günbəzli, xaç şəkilli konstruktiv formaya əsaslanır.
Bu plan quruluşu Alban-xristian memarlığının təsiri altında yaranmışdır.
Dayaq sistemlərinin yaratdığı tağlar, təkcə günbəzin barabanının yükdaşıyıcı elementləri kimi deyil, eləcə də zalın künclərində iki mərtəbəli hücrələrin yaradıcısı kimi fəaliyyət göstərirlər.
Künclərdəki hücrələr konstruktiv həllinə görə xüsusi maraq kəsb edir.
İkinci mərtəbə ilə əlaqə divarın içindəki pilləkən qəfəsəsi ilə yaradılır.
Belə pilləkən qəfəsəsi, məscidə girişin sağ tərəfində, azana çağırış məqsədilə dama çıxmaq üçün nəzərdə tutulub.
Divarın dərinliyində pilləkən qəfəsəsinin həlli, Abşeronun, eləcə də Qala kəndinin dini tikililərinə və müdafiə qalalarına xas olan konstruktiv elementdir.
İnteryerin vacib elementlərindən olan mehrab, məscidin cənub divarında, oxvari forması ilə diqqəti cəlb edir.
Müəyyən qədər mürəkkəb, lakin kompakt memarlıq-plan quruluşuna malik məscidin fasadının həlli portalsız, oxvari tağ şəkilli kiçik qapı və düzbucaqlı pəncərələrlə yadda qalır.
Girişin insan miqyasından kiçik olması, yəqin ki, Allahın məbədinə hörmət əlaməti olaraq əyilərək girmək üçün nəzərdə tutulmuşdur.
Məscidin interyeri konstruktiv yükün daşıyıcısı, tağ-tavan sisteminə minnətdar olaraq estetik zənginlik əldə etmişdir.
Hacı Ramazan məscidinin memarlıq-plan həllinə Mərdəkandakı Tuba-Şahi məscidinin təsiri hiss olunur.
Lakin Tuba-Şahi məscidindən fərqli olaraq, fasadın portalsız həlli, yeni motiv və elementlər, Mərdəkan məscidinin kəndin baş məscidi, Hacı Ramazan məscidinin isə məhəlli xarakter daşımasından və yeni əsrin tikinti texnikasından irəli gəlir.
Tərəkəmə məscidi – kəndin şimal hissəsində yerləşən eyni adlı məhəllənin yeganə monumental tikilisidir.
Plan kompozisiyası "T" şəkilli məscidin tarixi XVII-XVIII əsrlərlə bağlanır.
Tikinti tarixinə görə Cümə məscidindən sonra inşa edilməklə, bu məhəlli məscid kəndin ən qədim dini tikilisi kimi qəbul oluna bilər.
Kompozisiya həllinə görə iki zallı və ya iki kameralı olan Tərəkəmə məscidinin tikintisinin müxtəlif dövrlərdə iki mərhələdə aparıldığı müəyyən olunur.
İlk mərhələdə oxvari tağ-tavan örtük sistemi ilə məscidin bir kameralı ibadət zalı tikilmiş, zaman ötdükcə həcm-məkan tutumunun genişləndirilməsi nəticəsində, köhnə tikiliyə perpendikulyar ikinci zalın əlavə edilməsi məscidin yeni memarlıq kompozisiyasında fəaliyyətinə rəvac vermişdir.
Zalların həcminin kəsişmə oxunda örtük günbəzinin qurulması ilə üfüqi proyeksiyalı tikintiyə şaquli aksentin əlavə olunması, tamamlanmış memarlıq simasına nail olmaq demək idi. Tərəkəmə məscidi yerin qərb-cənub cəhətləri üzrə yerləşməklə portalsız, sadə girişə malikdir.
Giriş hər iki kameradan nəzərdə tutulub.
Mehrab interyer kimi dekorsuz həll olunmuş və məscid, daş şəbəkəli bir-neçə kiçik pəncərədən işıqlandırılır.
İnteryerdə günbəz barabanının, tağ-tavan örtüyünün yaratdığı genişlik, sağ və sol qollar ibadət zalına ilk baxışdan rahatlıq bəxş edir.
İnteryerdəki kiçik taxçalar ikinci dərəcəli işıqlanma üçün nəzərdə tutulmuşdur.
Fasadda yerləşdirilmiş daş navalçalar fasadın zənginləşməsində müəyyən rol oynayır.
Minarəsiz Tərəkəmə məscidinin memarlıq kompozisiyasının şaquli aksenti, onun yarımsferik həndəsi formalı günbəzi və binanın yan fasadındakı bir marşlı pilləkən qəfəsəsidir.
Namaza çağırış daxildən, divarın içindən və xaricdən məscidin şimal divarına bitişik pilləkənlərin köməyi ilə binanın damından həyata keçirilmişdir.
Məscid, kənd ağsaqqallarının verdiyi məlumata görə Hacı Ağahüseyn və Məşədi Məmmədyarovlar tərəfindən tikdirilmişdir.
Tərəkəmə məscidinin tam memarlıq kompozisiyasını tapması bir-neçə illər davam etsə də, şəhərsalma sistemində, kəndin şimal qolunda məhəllə sisteminin formalaşmasında ilk rüşeym rolunu məhz bu məscid oynamışdır.
Bu tipdə memarlıq-plan quruluşuna malik məscidlər demək olar ki, Abşeronun kəndləri üçün xarakterikdir.
Hökməli, Pirşağı, Kürdəxanı, Fatmayı, Corat kimi kəndlərdə analoji plan quruluşlu, lakin həcm-məkan tutumuna görə fərqli dini məbədlərə rast gəlinir.
1911-ci il məscidi- Tərəkəmə məhəlləsində yerləşən "Göy günbəzli məscid" 1911-ci ildə tikilmiş məhəllə məscididir.
Məscid bərpa olunmuşdur və dini məqsədlər üçün istifadə edilir.
Məscid orta günbəzli tikilişə malikdir.
Cənub və qərb tərəfdən məscid meydana baxır.
Şərq fasadı əhənglə örtülmüş və bəzədilmişdir.
Giriş hissəsi tac şəklindədir.
Giriş hissəsinin üzərində ay və 8 uclu ulduz təsvir edilmişdir.
Damın üzərində ərəb dilində tikilişinin tarixini 1911-ci ili göstərir.
Məhəllə meydanının memarlıq dominantı olan məscid, məhəllə meydanına istiqamətlənməsinə baxmayaraq onun baş fasadı arxadakı kiçik həyətə açılır.
Həyətdəki daş tavalar və hovuz məscid tikilisini tamamlayır.
Məscidin baş fasadı rustovka daşı ilə üzlənmiş və daşın yaratdığı gözəl işıq-kölgə effektindən bəhrələnmişdir.
Giriş qapısının nəzərə çarpdırılması üçün istifadə olunan və portalı əvəz edən pilyastrlar yarımdairəvi tağ şəkilli qapını hər iki tərəfdən haşiyələyir.
Pilyastrlar sanki qoşa minarəni xatırlatmaqla baş fasadı ritmik ahənglə şaquli oxlar üzrə kəsir.
Daş navalçalar, pəncərələri haşiyələyən rustovkalar, karnizlər, dekorativ detallar kimi fasadın estetik gözəlliyini artırmışdır.
İnteryerdən əlavə məscidin baş fasadında qurulan mehrab, onun xaricində ibadət edən insanlarla ünsiyyət yaratmış və kəndin digər məscidlərindən fərqli simasını formalaşdırmışdır.
Şıxlar məscidinin əsas şaquli elementi olan yumurtavari günbəzi, onun memarlıq kompozisiyasını öz hündür həcm-fəza tutumu ilə tamamlayır.
Məscid bir kameralı ibadət zalından və vestibüldən ibarətdir.
Zal kvadrat şəkilli plan quruluşuna malik olmaqla mərkəzi günbəzlidir.
İbadət zalı, dörd sütunun köməyi ilə üç nefə bölünmüşdür.
Məscidin memarlıq konstruksiyası tağ-tavan sisteminə əsaslanır.
Şıxlar məhəllə məscidi Qala kəndinin yeganə nefli məscididir ki, bu da XX əsrin tikinti texnikasının inkişafının təcəssümüdür.
İnteryer kompozisiyasında, günbəz barabanından və yan pəncərə açımlarından düşən işıqlanma, sadə mehrab, özünəməxsus kapitellərlə tamamlanan sütunlar yüksək səviyyəli interyer təəssüratı yaradır.
Qala kəndində 3 hamam olmuşdur.
Bunlar "Şor hamamı", "Qum hamamı", "Bayraməli hamamı" adı ilə tanınan hamamlardırlar.
Şor hamamı" kəndin cənub hissəsində, duz gölünün yaxınlığında yerləşirdi.
Oraya göldən su çəkilmişdir.
Bu hamamın suyu duzlu olduğundan daha çox müalicəvi məqsəd daşımışdır.
Bu su daha çox dəri xəstəlikləri zamanı istifadə olunardı.
Hamam dağılmış, lakin özülü bu günə qədər qalmışdır.
2012–2013-cü illərdə aparılmış tədqiqatlar, hamamın XVIII əsrə aid olduğunu sübut etmişdir.
Tədqiqat zamanı tapılmış dəmir materialları hamamın XIX və XX əsrlərdə bərpa edildiyini göstərir.
Bu hamamlardan yalnız biri bu günə qədər fəliyyət göstərir.
Həmin hamam çox vaxt "Cümə hamamı" yaxud da "Bayraməli hamamı" adlanırmış.
Giriş hissəsindəki epiqrafik yazıdan məlum olmuşdur ki, hamam 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edilmişdir.
Demək ehtimal var ki, hamam daha qədim ola bilər.
Hamam iki hissədən ibarətdir.
Soyunmaq və yuyunmaq yerləri.
El hamamlarına gəlmək üçün qadınlar və kişilər üçün ayrıca günlər olardı.
Bu hamamdan hal-hazırda Azərbaycan xalqının adətlərindən biri olan "Bəylik hamamı" kimi-el adəti ilə oğul evləndirəndə bəyi hamama gətirmək üçün istifadə olunur.
Keçmişdə gəlinləri oğlanın anası, bacısı hamamda görüb bəyənərdilər.
Belə bir deyim də var idi: "Qız bəyənəndə onu ya hamamda bəyən, ya da səhər-səhər əl-üzünü yuyanda".
Qum hamamı – Bu hamamlardan, "Qum hamamı" daha qədimdir.
Təsadüfən bərpaçılar tərəfindən tapılmışdır.
Tamamilə zibil və torpaq altında uzun müddət qalmışdır.
Təmizlənmə aparıldıqdan sonra məlum olmuşdur ki, hamam XII–XIV əsr memarlıq quruluşuna malikdir.
Hamam torpağın altında yerləşdiyindən "Qum hamamı" adlanmışdır.
Sanitariya –gigiyena məqsədlərindən əlavə, hamamda istirahət otaqları vardır.
Hamamın özünəməxsus xüsusiyyəti, yer səthindən 1,5–2 m aşağı olmasıdır ki, bu da istiliyin saxlanması rolunu oynayır.
Bu hamamın arxasında qazanxanası mövcuddur.
Divarların içindən və döşəmənin altı ilə saxsı (keramik) borular vasitəsilə hamamı qızdırırlarmış.
Hamam soyunmaq otağı və hovuzla yanaşı, 8 otağı özündə birləşdirir.
Hamamda olan hovuz əhəng daşından yumru şəkildə yonulmuşdur və soyuq su üçün nəzərdə tutulur.
Hər otağın giriş hissəsində ayaqqabı üçün xüsusi taxçalar vardır.
Qaynar sudan qorunmaq üçün xüsusi ayaqqabı- başmaq geyinərlərmiş.
Hamamda təkcə yuyunmaq üçün yox, dincəlmək üçün də istifadə edilirdi.
Burada görüşlər keçirilir, ticarət edilir, nərd oynanılır və çay içirmişlər.
Qadınların həyatında hamamlar böyük rol oynamışdır.
Onlar hamama azuqə gətirir və bütün günü burada mahnı oxumaqla və söhbət etməklə keçirərmişlər.
Otaqların biri mehrab üçün nəzərdə tutulmuşdur.
Buradan namaz qılmaq üçün istifadə olunmuşdur.
Hətta türk səyyahı Cəlal Əsəd XIX əsrdə qeyd edirdi: "Hamamlar müsəlmanlar üçün məscidlər kimi lazımdır".
Avstriya səyahətçisi Q. Vamberi göstərirdi ki, hamamlar bütün müsəlmanlar üçün həm daxili tələbatı ödəmək üçün, həm də dini məqsədlər rolunu oynamışdır.
Yuyunmaq üçün otaqlarda hovuz olurmuş.
Müsəlman adətinə görə su başqasının bədəninə dəydikdə təmiz su sayılmırmış.
İsti və soyuq suyun saxlanması üçün lap arxada kiçik otaqlardan istifadə edilirmiş.